AZ EN RU

“Heydər Əliyev və Qarabağ” sənədli filminin təqdimatı olub

İyunun 27-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi tərəfindən “Heydər Əliyev və Qarabağ” sənədli filminin təqdimatı keçirilib.

Film ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunub. Filmin layihə rəhbəri Büllur Cavadqızı, rejissoru Etibar Məmmədovdur.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir “Heydər Əliyev və Qarabağ” filminin nümayişi ilə davam edib.

Sonra Büllur Cavadqızı çıxış edərək film haqqında məlumat verib. O bildirib ki, filmdə Ulu Öndər 1969-cu il iyulun 14-də Azərbaycanda hakimiyyətə gələnə qədərki və bundan sonrakı dövrlər müqayisə olunur, həmin illərdə onun Qarabağda yaşayan azərbaycanlıların həyatında oynadığı roldan, Heydər Əliyev dühasının müstəqil Azərbaycanın qurulmasında əhəmiyyətindən bəhs olunur. Sənədli filmdə Milli Məclisin deputatları Musa Qasımlı, Elman Nəsirov, Elman Məmmədov və Flora Qasımova Ümummilli Liderin o dövrkü Azərbaycan tarixində əvəzsiz fəaliyyəti barədə danışıblar.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, ictimai xadimlər, QHT rəhbərləri 14 iyul 1969-cu ilə qədər Dağlıq Qarabağ bölgəsində yaşayan həmvətənlərimizin vəziyyəti barədə danışaraq onların qarşılaşdıqları problemlər barədə ətraflı müzakirələr aparıblar. Vurğulanıb ki, 14 iyul 1969-cu ildə Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişi ilə beyinlərdəki təsəvvürlər dəyişdi: insanlar Ümummilli Liderə inandılar və onu özlərinə arxa-dayaq kimi qəbul etdilər. Heydər Əliyevin fəaliyyəti nəticəsində insanların şüurunda “Vətən” obrazı daha konkret sərhədlər içərisində tanındı.